Oxumağı-yazmağı bilməyən İslam Peyğəmbərinə - öyrənmə vasitəsi və Allahın lütfi olaraq - vəhy edilən ilk mesajın («Ələq» surəsi, 96/1-5) qələmin tərifi olduğunu düşünmək insanı həyacanlandırır. Bu baxımdan Hz.Muhəmmədin heç bir bünövrə olmadan dövlət qurmasına, xalqını təşkilatlandırmasına və bu dövlət üçün yazılı bir konstitusiya hazırlamasına heyrətlənməməliyik. İlk vaxtlarda dövlət yalnız bir şəhərdən ibarət idi və o, şəhər-dövlət sayılırdı. Ancaq qurucusu vəfat etdikdən sonra qısa bir vaxtda, təxminən on il ərzində bu dövlət İraq və Fələstinin (Hz.Peyğəmbərdən İslama dəvət məktubu alanların arasında İraqdakı Səmavə kralı da var idi. Fələstinə gəlincə, Təbük hərbi-səfəri zamanı Əylə, Cəbə və Əzruhun İslam torpaqlarına çevrilməsi mümkün olmuşdu) cənub hissəsi də daxil olmaqla bütün Ərəbistan yarmadasını əhatə etdi. Təxminən on beş il sonra isə

Hz.Osmanın xəlifəliyi zamanında müsəlman ordularının arada qalan ölkələri fəth edərək heyrət doğuracaq şəkildə bir tərəfdən Avropada Əndəlüsə (İspaniyaya), digər tərəfdən isə Şərqi Türkistana (H.26, M.646-cı ildə İspaniyanın fəth olunması ilə bağlı digər qaynaqlar arasında Təbəri və Bəlazurinin əsərinə baxın. Həmin il Şərqi Türkistanın fəthi ilə bağlı isə Bəlazurinin əsərindən və eyni zamanda Bartold tərəfindən qələmə alınan Çin tarixindən bəhs edən əsərlərdən məlumat almaq mümkündür) daxil olduqlarını görürük. Hz.Muhəmməd tərəfindən hazırlanan və əlli iki maddəsi olan bu yazılı konstitusiya dövrümüzə qədər olduğu kimi mühafizə edilmişdir. Bu konstitusiya dövlət başçısının və vətəndaşların qarşılıqlı haqq və vəzifələrindən, qanunvericilikdən, ədalətin bərqərar olunmasından, müdafiə təşkilatından, qeyri-müsəlman vətəndaşlarla necə davranılmasından, qarşılıqlı yardım prinsipinə əsaslanan sosial təminat qurumundan və bunun kimi müxtəlif problemlərdən, qısaca o dövrün ehtiyaclarından irəli gələn bütün məsələlərdən bəhs edir. Adı çəkilən yazılı konstitusiya miladi tarixi ilə 622-ci, hicri tarixi ilə isə 1-ci ildə hazırlanmışdır.

Dövlətlərarası beynəlxalq hüquq

Təəssüf ki, bəşər ailəsinin üzvləri arasında xəlq etdikləri dövrdən etibarən çox geniş yayılmış müharibələr insanı öz əleyhinə və düşmənin xeyrinə olmaq şərti ilə ağla və ədalətə boyun əyməyə sövq etmək üçün ən əlverişsiz zamandır. Təbii ki, müharibə əsnasında ölüm-qalım məsələsi, yaşamaq üçün mübarizə labüdləşdiyindən və ən kiçik xəta və ya səhvin düzəldilməsi böyük fəsadlar yaradacağından hökmdar və dövlət başçıları düşmən qarşısında necə hərəkət edilməsi ilə bağlı öz istədikləri kimi qərar qəbul etmək ixtiyarının hər zaman onlara verilməsinə çalışmışlar. Müstəqil hökmdarların qarşılıqlı münasibətlərinə, davranışlarına əsaslanan bu elm ən qədim dövrlərdən mövcud idi. Ancaq bu elm yalnız təcrübənin rəhbərlik etdiyi siyasətin və şəxsi istəklərin bir qismini təşkil edirdi. Müsəlmanlar bu elmi, yəni, "dövlətlərarası hüquq"u dövlət idarəçilərinin dəyişkən fantaziyalarından ayıran və onu tamamilə hüquqi bir bünövrə üzərinə "oturdan" ilk hüquqşünaslardır. Üstəlik müstəqil elm kimi inkişaf etmiş beynəlxalq hüquqla bağlı bəşəriyyət tarixinin ən qədim əsərlərini bizə miras qoyan da məhz onlardır. (Belə əsərlər yazanların arasında Əbu Hənifə, Malik, Evzai, Əbu Yusif, Şeybani, Züfər, Vaqidi və başqa bir çox dəyərli insanın adına rast gələ bilərik. Onlar bu elm sahəsinə "siyər" adı vermişlər. "Davranış" demək olan bu söz "hökmdarın xarici ölkələrlə münasibətlərindəki davranışı" mənasında istifadə edilmişdir). Həmçinin normal qanunlar külliyatı daxilində də mədəni hüququn bir hissəsi kimi "siyər"dən bəhs olunur. Bu termin bütün məzhəblərin fiqh kitablarında - Zeyd İbni Əlinin "Əl-Məcmu fil-fiqh"indən sonrakı əsərlərə qədər - cəza üsulu daxilində işlədilir və yolkəsmə cəzasından sonra gəlir. O, sanki müharibə, yolları kəsən quldurların cəzalandırılması ilə eyni mahiyyətdə nəzərdən keçirilib. Bundan çıxan nəticə isə odur ki, düşmənin vəzifələri ilə yanaşı hüquqlarının da olduğunu müsəlman məhkəmələri qəbul edirlər.