Qaynaq
Bu dəfə isə İslamın digər böyük qolu olan “Şiə” məzhəbi haqqında danışacağıq. Bu məzhəb əhli sünnədən bir neçə ciddi əqidəylə fərqlənir.
Əvvəlcə şiə məzhəbinin yeganə haqq məzhəbi sayılan və şiələrin çoxunun etiqad etdiyi “Cəfəri” qolu haqqında danışaq. “Cəfəri” adı Peyğəmbərin (s) nəvəsi, şiələrin 6-cı məsum imamı olan İmam Cəfər  əs-Sadiqin (ə) adı ilə bağlıdır. Bu şəxs böyük alim, fəqih kimi tarixə düşmüşdür. Əhli sünnənin böyük alim və fəqihlərindən olan İmam Əbu Hənifə (Hənəfi məzhəbinin banisi) iki il Cəfər Sadiqdən (ə) dərs almış və “O iki il olmasaydı Əbu Hənifə məhv olub gedərdi” demişdir. Maliki məzhəbinin banisi isə İmam Sadiqdən (ə) daha bilikli, əxlaqlı kəs görmədiyini etiraf etmişdir. Hətta bəzi məlumatlara görə İmamın dərslərində 4 min mühəddis və alim iştirak edirdi.

İmam Cəfər Sadiq (ə) Hicri təqvimi ilə 83-cü ildə anadan olmuş və 148-ci ildə xəlifə Mənsurun təşkil etdiyi sui-qəsd nəticəsində şəhid olmuşdur. O, Əhli-beyt məktəbini müvəffəqiyyətlə yaymışdır.

Bu günki cəfəri şiələri İmam Cəfər əs-Sadiqin (ə) davamçıları hesab olunurlar. Bu məzhəb həm də “İmamiyyə”, “12 imam şiəliyi” adları ilə də tanınmışdır. Cəfəri şiələri əhli sünnədən bir neçə əqidəylə fərqlənirlər:

Sünnilərdən fərqli olaraq cəfərilərdə “İmamət” imanın şərtlərindən biridir. Bu əqidəyə görə Peyğəmbərin (s) nəslindən olan 12 imam (ə) ümmətə Allah tərəfindən rəhbər təyin edilmişdilər.

Sünnilər şərii hökmlərdə Qurandan və sünnədən sonra səhabələrə, cəfərilər isə Əhli-beytə (ə) istinad edirlər.

Qiyamətə bir qədər qalmış “Mehdi” ləqəbli şəxsin dünyada ədaləti bərqərar etməsinə həm əhli sünnə, həm də şiələr etiqad edirlər. Lakin əhli sünnə bu şəxsin hələ doğulmadığını, cəfərilər isə gözlənilən Mehdinin 12-ci imam olduğunu, müvəqqəti olaraq qeybə çəkildiyini bildirirlər.

Cəfərilərdə gündəlik 5 vacibi namazı istənilən halda birləşdirərək 3 vaxtda qılmaq caiz hesab olunur. Əhli sünnədə isə bu haramdır.

Əhli sünnədə namaz zamanı pak olan istənilən əşyaya səcdə etmək olar, cəfərilər isə yalnız torpağa və torpaqda bitən əşylara səcdəni caiz bilirlər.

Əhli sünnədə namaz zamanı əlləri bağlamaq halal, cəfərilərdə isə haramdır.

Bu siyahını hələ uzatmaq olar, amma ən əsas fərq “imamət” məsələsidir. Hər halda cəfərilər Əhli-beyt məktəbinin yetirmələri sayılırlar.