K.Marks öz iqtisadi əlyazmalarını xüsusi bir cild halında nəşr etdirmək qərarına gəlir. Odur ki, birinci kitabını 27 mart 1867-ci ildə başa çatdırıb Hamburq şəhərinə gəlir və Kapitalın birinci cildini kitab nəşriyyatçısı Meysierə təqdim edir. Beləliklə, 1867-ci ilin sentyabr ayında Kapital əsərinin birinci cildi nəşr olunur.
Hər şeydən əvvəl Kapital əsərində K.Marksın  özünün qeyd etdiyi kimi, əsər onun həyat işidir. Onun fikrincə iqtisadi quruluş əsasdır, həlledicidir, müəyyənedicidir və aparıcıdır. Bununla yanaşı siyasi üstqurum iqtisadi quruluş üzərində təşəkkül tapır. F.Engelsin qeyd etdiyi kimi Kapital əsəri müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrənən bir kitabdır.
1848-ci il inqilabının süqutundan sonra K.Marks bir çox burjua cərəyanları ilə və xırda burjua sosializmi ilə mübarizə aparmağa başlayır. Belə ki, K.Marks kapitalizmin siyasi iqtisadının bütün ünsürlərini öyrənib təhlil edir. Nəhayət, 1859-cu ildə Siyasi iqtisadın tənqidinə dair əsərini yaradır. Bu əsərdə K.Marks gələcək Kapital əsərinin əsas müddəalarını inkişaf etdirir. K.Marksın sağlığında Kapital əsərinin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir. Dördüncü cild Kapital əsəri isə iqtisadi nəzəriyyələr tarixinə həsr edilmişdir.
Qeyd edək ki, kapitalın hərəkəti istehsal prosesi ilə başa çatmır, onun hərəkəti tədavüldə tamamlanır. Məhz buna görə də K.Marks kapitalist istehsalına istehsal prosesinin və tədavülün vəhdəti kimi baxmışdır. O yazırdı ki, kapitalist istehsal üsulunun hökm sürdüyü cəmiyyətlərin sərvəti külli əmtəə yığını kimi, ayrıca bir əmtəə isə bu sərvətin bəsit forması kimi meydana çıxır. Buna görə də bizim tədqiqatımız əmtəənin təhlilindən başlanır. Deməli, K.Marks əmtəə istehsalına kapitalizm cəmiyyətinin iqtisadi hüceyrəsi kimi baxmışdır. 
Əmətəənin iki amilinə istehlak dəyərinə və mübadilə dəyərinə baxmaqla yanaşı K.Marks onların arasında olan ziddiyyəti açmış və əməyin ikili xarakterini kəşf etmişdir.
K.Marks əməyin ikili xarakterini konkret və abstrakt əmək olmaqla, Kapital əsərində  kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermişdir. K.Marks sübut etdi ki, əmtəə kateqoriyasında kapitalizmin bütün ziddiyyətləri rüşeym halında əks olunmuşdur. Sonrakı tədqiqatında o, bu ziddiyyətləri açmış və həm də inkişaf etdirmişdir.
Kapital əsərində K.Marks dəyər formalarını və pulu təhlil etməklə yanaşı bu tədqiqatında mübadilənin geniş tarixi prosesini, əmtəə istehsalının ümumi prosesini, əmtəə istehsalının ümumi xarakter daşımasını və dəyərin pul formasını işıqlandırır. Əmtəə istehsalının və mübadilənin inkişaf nəticəsi olan pulun meydana gəlməsi də Kapitalda geniş şərhini tapmışdır. K.Marks qeyd edirdi ki, əmtəə tədavülünün son məhsulu olan pul kapitalın ilkin formasına çevrilir. Lakin tarixi inkişafın müəyyən bir mərhələsində onlar kapitala çevrilirlər ki, bunun da nəticəsində ictimai istehsal prosesinin xüsusi dövrü başlayır.
K.Marks Kapital əsərində göstərirdi ki, kapital tarixi forma daşıyan müəyyən bir ictimai münasibətdir və bu münasibətlər kapitalist istismarını ifadə edir. Belə ki, kapitalın mahiyyətini açmaq ilk dəfə K.Marksa nəsib olmuşdur, çünki o xüsusi bir əmtəə olan işçi qüvvəsi əmtəəsini kəşf etmişdir. K.Marks göstərirdi ki, kapitalist istehsalının ilkin şərtlərindən biri işçi qüvvəsinin alınıb-satılmasıdır. Bu zaman iki qütb üz-üzə dayanır, pul sahibi olan kapitalist və işçi qüvvəsinin sahibi olan fəhlə. Çünki işçi qüvvəsi (fəhlə) istehsal vasitələrindən məhrum edilmiş və özünün iş qüvvəsini zərurət üzündən satır. Sahibkar kapitalist isə istehsal vasitələri, yəni mülkiyyət üzərində mövcud olan inhisarından istifadə edərək muzdlu işçi qüvvəsini istismar edir.
Deməli, kapitalist istehsal prosesi fəhlənin iş qüvvəsinin kapitalist tərəfindən istehlak olunmasıdır, istehsal vasitələrinin sahibləri tərəfindən muzdlu iş qüvvəsinin istismarıdır.
Kapital əsərində izafi dəyər istehsalının təhlili göstərir ki, kapital keçmiş əməkdir. K.Marksın təbirincə desək kapital izafi əməyə hərisdir, o qəddarcasına hər cürə sərvətin mənbəyi olan cəmiyyətin iş qüvvəsini mənimsəyir.
K.Marksın bu şah əsərində kapitalın yaranmasının maddi ilkin şərtləri də tədqiq edilmişdir, yəni Kapital əsərinin müəllifi ilkin kapital yığımı prosesini də nəzərdən qaçırmamışdır. İlkin kapital yığımı prosesi dedikdə, K.Marks onu nəzərdə tuturdu ki, bilavasitə maddi nemətlər istehsal edənlər, cəmiyyətin sərvətini yaradanlar zorakılıq yolu ilə istehsal vasitələrindən və yaşayış vasitələrindən məhrum edilmişlər. Beləliklə, K.Marks Kapital əsərində burjua məddahlarının uydurduğu  guya kapital dinc yolla yaranmışdır ideyasına növbəti zərbəsini endirmişdir. Deməli, kapitalın dinc yolla meydana gəlməsi tarixi həqiqətlə heç bir uyğunluq təşkil etmir.
Kapital əsərində  K.Marks nəinki hərtərəfli olaraq izaifi dəyər istehsalını tədqiq etmişdir, o hətta göstərir ki, nisbi və mütləq izafi dəyər istehsal olunur. Bununla əlaqədar olaraq K.Marks Kapital əsərində kapitalist istehsalının üç əsas tarixi inkişaf mərhələsini də öyrənmişdir. Bu mərhələlər sadə kapitalist kateqoriyalarından, manufakturadan və iri maşınlı sənaye istehsalı prosesindən ibarətdir. İqtisadi təlimlər tarixi elmində ilk dəfə olaraq K.Marks sübut etmişdir ki, maşınlı istehsal bütün ənənəvi istehsal növlərini inqilabiləşdirir, iri sənaye istehsalı sistemi yaradır. İri maşınlı sənaye istehsalı əsasında əmək real olaraq kapitala tabe etdirilir. Bunun əsasında da kapitalist istehsal üsulunun ziddiyyətləri daha da dərinləşir və kəskinləşir, proletariatın isə həyat səviyyəsi aşağı düşür, yoxsulluq artır. Bu yolla da istismarçı siniflərin sərvəti çoxalır.  Kapital əsərində göstərilir ki, uzun-uzadı iş günlərinin qısaldılması uğrunda proletariat mübarizə aparır. Kapitalizmin eninə və dərininə inkişafı kapitalizmin ziddiyyətlərini kəskinləşdirir ki, bu da kapitalizmin əsas ziddiyyətinin təzahür etməsinə gətirib çıxarır. Kapitalizmin əsas ziddiyyəti dedikdə, K.Marks istehsalın ictimai xarakteri ilə mənimsəmənin xüsusi kapitalist forması anlayışını nəzərdə tuturdu.
K.Marks göstərirdi ki, kapitalist yığımının ümumi qanunu hər an fəhlə sinfinin mütləq və nisbi yoxsullaşmasını yaradır. Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi kiçik istehsalın iri istehsal tərəfindən sıxışdırılması və s. cəmiyyətdə iki qütbün, iki ziddiyyətli sinfin yaranmasına gətirib çıxarır. K.Marks tərəfindən Kapital əsərində verilən kapitalizmin təhlili burjua cəmiyyətində siniflər arasında olan və getdikcə kəskinləşən ziddiyyətlərin təhlili idi. Bununla K.Marks burjua ideoloqlarının irəli sürdükləri kapitalizmdə mənafelərin harmonik ideyasını alt-üst edirdi.
Kapital əsərinin ikinci cildində K.Marks kapitalın dövranı və dövriyyəsini öyrənərək kapitalist təkrar istehsalının bütövlükdə götürülmüş halda tədqiqini vermişdir. Burada K.Marks göstərilən problemlərlə əlaqədar olaraq klassik burjua siyasi iqtisadının görkəmli nümayəndələri olan A.Smitin və D.Rikardonun buraxdıqları səhvlərin həm təhlilini vermiş və həm də onların səmərəli fikirlərini inkişaf etdirmişdir.
Klassiklər belə bir fikir irəli sürürdülər ki, gəlir əmək haqqından, mənfəət və rentadan ibarətdir. K.Marks isə göstərirdi ki, əmtəənin dəyəri həqiqətən istehsal vasitələri dəyərindən, işçi qüvvəsinin dəyərindən və izafi dəyərdən ibarətdir. Deməli, K.Marksa görə sabit kapitalın (s) dəyərindən, dəyişən kapitalın (v) dəyərindən və izafi (m) dəyərdən ibarətdir.
Bu prinsipə uyğun olaraq iqtisadi təlimlər tarixində birinci olaraq K.Marks bütün ictimai istehsalı iki bölməyə ayırmışdır:
Birinci bölmə istehsal vasitələri istehsalı, İkinci bölmə -  istehlak şeyləri istehsalı. Hər iki bölmədə istehsal olunan məhsulun, yəni sadə və geniş təkrar istehsalda yaranan məhsulun reallaşdırılmasını K.Marks sxemlər vasitəsilə izah etməklə iqtisad elmində iqtisadi hadisələrin və proseslərin modelləşdirilməsi prinsiplərinin əsasını qoymuşdur.
Kapital əsərinin ikinci cildində K.Marks göstərirdi ki, həm sadə, həm də geniş təkrar istehsalda istehsalın külli miqdarda qeyri-normal inkişafı böhranlar yaradır, bu böhranlar iqtisadi inkişafın sabitliyini və ümumi müvazinəti pozurlar, nəticədə isə disproporsional inkişaf yaranır.
Kapital əsərinin üçüncü cildində K.Marks mürəkkəb mexanizm olan izafi dəyərin müxtəlif kapitalist qrupları arasında bölüşdrülməsi prosesini tədqiq və təhlil etmişdir. K.Marks göstərirdi ki, belə bir bölgü prosesini orta mənfəət qanunu tənzimləyir. Beləliklə, sənayeçi kapitalist mənfəət, ticarət kapitalisti ticarət mənfəəti, borc kapitalisti faiz, torpaq sahibləri isə renta əldə edirlər. Bütün istismarçı siniflərin əldə etdikləri bu qeyri-əmək gəlirlərinin mənbəyi muzdlu fəhlənin əməyi ilə yaradılan izafi dəyərdir.
Üçüncü cilddə K.Marksın bu tədqiqatları ilə yanaşı dövlət strukturlarının əldə etdikləri mənfəətin də mənbəyi tədqiq edilir. K.Marks qeyd edirdi ki, burjua dövləti vergilər hesabına varlanır. Göstərilən bütün problemlərlə yanaşı Kapital əsərinin müəllifi K.Marks tacir və sələm kapitalının mənşəyini, onların oynadığı rolu, əhəmiyyətlərini və ziddiyyətli cəhətlərinin də təhlilini vermişdir. Sonra isə K.Marks tacir və sələm kapitalına, renta formalarına əsaslanaraq kapitalizmin mənşəyini öyrənrir. Digər tərəfdən K.Marks izafi dəyərin mənfəətə, izafi dəyər normasının mənfəət normasına çevrilməsini və mənfəət normasının azalma meyli qanununu araşdırmışdır. O yazırdı ki, bu qanunun sirri üzərində klassik siyasi iqtisadın nümayəndələri çox düşünmüşlər, lakin heç bir nəticə əldə edə bilməmişlər.
Kapital əsərinin dördüncü cildində K.Marks marksizmə qədərki iqtisadi nəzəriyyələrin tarixini öyrənmişdir. Belə ki, o burjua siyasi iqtisadının iqtisadi fikirlər tarixində oynadığı rolu izah etmiş, bayağı (vulqar) siyasi iqtisadın mahiyyətini vermiş, yeni bir siyasi iqtisad məktəbi, marksist siyasi iqtisad elmini yaratmışdır. K.Marks kapitalist istehsal üsulunun meydana gəlib yaranması, inkişaf qanunauyğunluqlarını və bu cəmiyyətin məhv olub getməsi qanunlarının elmi-nəzəri prinsiplərini öz şah əsərində şərh etmişdir.
K.Marks Kapital əsərində kapitalist istehsal üsulunu tədqiq edərkən dialektik və tarixi materializm metodundan istifadə etmişdir. K.Marksın bu dialektik metodu ümumi elmi əhəmiyyət kəsb edir. K.Marks kapitalist istehsal üsulunu tədqiq edərkən öz sələflərinin səmərəli ideyalarını götürüb yaradıcı surətdə daha da zənginləşdirərək inkişaf etdirmişdir. O, konkret materiallar əsasında kapitalist istehsalının ümumi və spesifik qanunlarını kəşf etmiş və bunun əsasında kapitalist iqtisadiyyatının hərəkət mexanizmini tədqiq etmişdir.
Marks təkcə ictimai istehsalın spesifik kapitalist formasını deyil, insan cəmiyyəti həyatının əsasını təşkil edən maddi istehsalın ümumi qanunauyğunluqlarını, ümumi şəraitini, ümumi tərəflərini öyrənmişdir.
K.Marksın dövründə burjua iqtisadçıları maddi istehsalın ümumi və xüsusi cəhətlərini eyniləşdirir və maddi istehsalın ümumi və xüsusi tərəfləri arasında olan fərqlərə fikir vermirdilər. K.Marksa görə bu metodoloji səhv idi. K.Marks hələ öz dövründə burjua siyasi iqtisadının bu metodoloji səhvini dərindən və əsaslı surətdə tənqid etmişdir.
Marksın yaratdığı dialektik metod bütün elmlər üçün eynidir. Lakin bu dialektik tədqiqat metodunun tətbiq edilməsinin obyektiv səbəbi maddi varlığın vəhdətindən və maddi varlığı ifadə edən qanunların vahidliyindən irəli gəlir. Lakin bu vəhdət daxilində hər bir elmin xüsusi tədqiqat metodunun özünün öyrəndiyi obyektiv və ayrı-ayrı problemləri var. Elmin predmeti həmişə inkişaf edir və təkmilləşir. Elmin tədqiqat metodu, tədqiqat üsullarının məcmusudur, həqiqəti dərk etmək vasitəsidir. Elmin metodu vasitəsilə təfəkkür öyrənilən obyekti iqtisadi qanunlar və kateqoriyalar sisteminə daxil edir. Lakin metodologiya nisbi olaraq metoddan fərqlənir, yəni metodologiya metoda nisbətən geniş anlayışdır. Metodologiya dərketmə metoduna və dərketmə metodu olan təlimləri özündə birləşdirir. Bizim fikrimizcə, əgər tədqiqat metodu öz-özlüyündə yaranır və sonra hazır şəkildə gerçəkliyin, müəyyən tərəflərinin öyrənilməsində tətbiq edilir desək, nisbi səhvə yol vermiş olarıq. Metod tədqiqatın ilkin şərtidir, onun daxili momentləridir.
Hər bir elmin metodunun spesifikliyi birinci növbədə həmin elmin predmetinin xüsusiyyətliliyi ilə müəyyən olunur. Hər hansı bir elmin metodu ümumiliyin və xüsusiliyin vəhdətidir. Ümumilik materialist metodunun məzmunudur, materialist dialektikanın özüdür, ümumilik maddi varlığın vəhdətini və onun ümumi qanunlarının dərk olunmasını ifadə edir.
Marksist siyasi iqtisad yarandığı gündən indiyə kimi dialektik materialist dünyagörüşünün umumi prinsiplərinə əsaslanır. K.Marks Kapital əsərində sözardında (ikinci nəşr) yazır ki, mənim bu kitabda tətbiq etdiyim metod materialist dialektikasının səmərəli forması olan dialektik metoddan savayı bir şey deyildir.
Materialist Hegeldə qiymətli nə varsa, K.Marks hamısını götürmüş və qiymətli olanı inkişaf etdirmişdir.
Deməli, iqtisadi hadisələrin və proseslərin inkişafı və daxili əlaqələrinin obyektiv və hərtərəfli təhlilini vermək, iqtisadi proseslərin əsas təmayüllərinin dialektik mahiyyətini müəyyən etmək (yəni iqtisadi proseslərin ziddiyyətliliyini, keyfiyyət müxtəlifliliyini, daima təkrar olunmasını açmaq) iqtisad elmindən dialektikanın etdiyi tələbdir.
Məlumdur ki, vahid dialektik metod iqtisadi tədqiqatlarda konkret üsullar və yollar vasitəsilə tətbiq edilir.
Siyasi iqtisadda mühüm tədqiqat metodlarından biri elmi abstraksiya metodudur, konkretlilikdən abstraktlığa hərəkət və abstraktlılığdan konkretlililiyə keçiddir. Bununla əlaqədar olaraq K.Marks Kapital əsərinin birinci cildində  yazır ki, iqtisadi formalar təhlil edilərkən nə mikroskopdan, nə də kimyəvi reaktivlərdən istifadə etmək mümkün deyildir. Bunların yerini abstraksiya qüvvəsi tutmalıdır.
Elmi abstrakt metodun iki tərəfi var: birinci, konkret empirik materiallar toplanır, onlar ümumiləşdirilir, ən sadə, adi iqtisadi münasibətlər təsvir edilir; ikinci, abstraktlıqdan konkretliyə yüksəliş, sadə və ümumi iqtisadi kateqoriyalardan daha da mürəkkəb, daha konkret və spesifik kateqoriyaların təhlilinə keçir. Lakin tədqiqatın gedişinin müəyyən bir həddi, mərhələsi olmalıdır. İqtisadi nəzəriyyənin mühüm müddəalarından biri də ondan ibarətdir ki, o öz nəticələrini hansı konkretlilik daxilində izah edir və hansı nəticələrə gəlir. Məsələn, K.Marks Kapital əsərində dəyər kateqoriyasını ümumi və abstrakt şəkildə təhlil etməklə bu sahədə öz tədqiqatının istehsal qiymətini öyrənməklə başa çatdırır.
Abstraksiya prosesi hadisələri xalis şəkildə, təmiz şəkildə götürür. Abstraktlaşdırma (sadə nəzarətetmə, fikrən təsvir etmə) prosesinin nəticəsi elmi anlayışlar, kateqoriyalar, modellər və s.-dir. Abstraksiya hadisələrin müəyyən bir tərəfini ifadə edir, abstrakt metodun tətbiqi gerçəkliyi daha ətraflı, daha dərindən öyrənməyə imkan verir, abstraksiya gerçəkliyin mühüm, əsas tərəfini üzə çıxarır. Məlumdur ki, təfəkkür konkretdən abstrakta yüksələrkən həqiqətdən uzaqlaşmayıb, ona yaxınlaşır. Bütün elmi abstraksiyalar təbiəti daha dərin, daha düzgün, daha dolğun əks etdirir.
Elmi anlayışlar və kateqoriyalar real gerçəklik ifadələridirlər. Müəyyən anlayışlarsız və kateqoriyalarsız elm yoxdur. Konkret gerçəkliyi dərk etsək, onun mahiyyətini və çoxcəhətliyini   açmaq üçün konkretlilikdən abstraktlığa, abstraktlıqdan konkretliliyə keçid metodundan istifadə edilir. Konkretdən abstrakta keçid məntiqi bir prosesdir, bu zaman fikir predmetin, hadisələrin, proseslərin, münasibətlərin mahiyyətinə nüfuz edir. Marksın, sözü ilə desək, konkretdən abstrakta keçid seyr edilmiş hadisələrin anlayışlarda ifadə edilməsidir. Konkretdən abstrakta keçiddə isə nəyin qəbul edilməsini, nəyin qəbul edilməməsini, hadisənin hansı tərəflərindən sərf-nəzər ediləcəyini bilmək lazımdır.
Konkretdən abstrakta keçid tədqiqatın birinci mərhələsidir. Tədqiqatın sonrakı mərhələsi abstraktdan konkretə keçidlə tamamlanır. Elmi anlayışların, kateqoriyaların müəyyən edilməsi tədqiqat prosesində zəruri və vacib şərtdir. Lakin bunlar real gerçəkliyin konkret tərəfini dərk və izah etmək üçün mərhələlərdir.
Elmi anlayışlar, kateqoriyalar konkretin ayrı-ayrı hissələrini, tərəflərini öyrənmək üçün imkan yaradır. Əslində isə məqsəd konkreti bütövlükdə dərk etməkdir. Belə bir dərketmə üçün abstraktdan konkretə keçid metodunda istifadə edilir. K.Marks Kapital əsərində elmi abstraksiya metodu vasitəsilə burjua cəmiyyətinin iqtisadi hadisə və proseslərinin mahiyyətini açmış, kapitalist istehsal münasibətlərini tədqiq etmiş, kapitalizmin iqtisadi kateqoriya və qanunlar sistemini yaratmışdır.
kayzen.az