İslam dinində olan hər bir kəsin, yəni hər bir müsəlmanın gündə beş vaxt namaz qılması Quran ayələri, Peyğəmbərimizin sözləri və İslam alimlərinn həmrəyliyi ilə sabit olan bir məsələdir. Gündə beş vaxt namazın hansı vaxtlarda qılınması və necə yerinə yetirilməsi ətraflı şəkildə Quranda bildirilməsə də, dolayısı ilə ayələrdə ifadə edilib. Bu məsələlər də Allah Rəsulunun (s.ə.v.) sözləri və hərəkətləri ilə öz təsdiqini tapıb. Məlum olduğu kimi, Quranda qapalı və qısa şəkildə olan əmrləri və hökmləri izah etmək səlahiyyəti bunları insanlara çatdırmaqla vəzifələndirilən Peyğəmbərimiz Hz.Muhəmmədə (səv) məxsusdur. O namazı şəxsən qılaraq və müsəlmanlara da imam olaraq qıldıraraq necə qılınacağını öyrədib. Hər bir namazın vaxtlarını da yenə tətbiq edərək insanlara göstərib. Namazın necə qılınması və hansı vaxtlarda qılınması ilə bağlı məsələlər günümüzə qədər gəlib çıxıb. Hazırda bu astronomiyanın və texnologiyanın inkişafı ilə daha da asanlaşıb. Quranda beş vaxt namaza qısa şəkildə işarə edən ayələrdən “Taha” surəsində belə buyurulur: “...Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbinə şükr edib şəninə təriflər de, gecənin bəzi vaxtlarında və günortanın hər iki tərəfində Rəbbini öyüb təqdis et ki, xoşhal olasan!” (“Taha” surəsi, 130).
Ayədə “Günəşin doğuşundan və batışından əvvəl” - 2, “gecənin bəzi vaxtlarında” - 1, “günortanın hər iki tərəfində” - 2 = 5 vaxt namaza işarə edir. Yəni Allah bu beş vaxtda Rəbbini öyüb təqdis etməyi, yəni namaz qılmağı əmr edib.
“Bəqərə” surəsində “Namazlara, orta namaza riayət edin və Allaha itaət üçün ayağa qalxın” (“Bəqərə” surəsi, 238) ayəsində “namazlar” kimi tərcümə olunan “salavat” sözü cəm halındadır. Ərəb dilində isə bir çox dillərdən fərqli olaraq cəm ikidən sonra deyil, üçlə başlayır. Yəni “iki qələm” cəm sayılmır, əgər bu rəqəm 3 və üçdən çox olarsa cəm hesab edilir. “İki”yə “təsniyə” deyilir və “iki namaz” sözü “salatəyn” şəklində ifadə edilir. Bunlardan da aydın olur ki, ayədəki “salavat”, yəni “namazlar” sözündən iki deyil, ən az üç namaz olduğu aydın olur. Bundan başqa, ayədə qeyd edilən “orta namaz” məsələsi var. Çünki ərəb dilində matuf matufu aleyhdən (üstünə atf ediləndən) ayrıdır, yəni ona daxil deyil. Ərəb dilinin qrammatikasına uyğun olaraq, “orta namaz” “namazlar” ifadəsinə aid deyil. Həmçinin bu “orta namaz”ın hər iki tərəfində bərabər eyni say, rəqəm olmadığına görə üç namazın arasına, yəni ayədə ifadə edilən “namazlar”ın arasındakı bir namaza da “orta namaz” deyilməsi mümkün deyil. Elə isə ayədəki “salavat - namazlar” sözü demək ki, dörd namazı ifadə edir. Ayədəki “orta namaz” ifadəsini və sayısını da bu dörd namaza əlavə etsək, yenə beş namaz ortaya çıxır. Hətta bəzi hədislərdə “orta namaz”ın “əsr, ikindi” namazı olduğu xəbər verilir.
Quranın 11-ci surəsində Allah belə buyurur: “Namazı gündüzün iki başında və gecənin gündüzə yaxın bəzi saatlarında qıl...” (“Hud” surəsi, 114).
Ayədə “gündüzə yaxın bəzi saatlar” mənasındakı “zuləf” sözü “zulfə” kəlməsinin cəmidir. Yuxarıda da qeyd edildiyi kimi ərəb dilində iki yox, üç sayısı cəm mənasında işlədilir. Aydın olur ki, bu ayəyə görə, gecənin gündüzə yaxın saatlarında (axşam-şam-məğrib, yatsı-işa-xiftən və sübh namazı olmaq üzrə) ən az üç namaz var. Bundan başqa ayədə qeyd edilən “gündüzün iki başında” da iki vaxt var. Bəli, bu ayədən də namazın beş vaxt olduğu məlum olur.
Bunlardan başqa, “Nisa” surəsi, 4/103; “Hud” surəsi, 11/114; “İsra” surəsi, 17/78; “Rum” surəsi, 30/17-18; “Nur” surəsi, 24/36; “Qaf” surəsi, 50/39-40; “Dəhr” (İnsan) surəsi, 76/25-26-cı ayələrində də beş vaxt namaza və ya vaxtlarına işarə edilən ifadələr mövcuddur. Bu ayələrdəki ifadə və işarələr Rəsulullahın (s.ə.v.) sözləri və icraatları ilə izah edilib, onun öyrətdiyi və tətbiq etdiyi tərzdə bütün müsəlmanlar tərəfindən əməl edilərək günümüzə qədər gəlib çıxıb. Peyğəmbərimizin (s.ə.v.) yaşadığı dövrdən, yəni “Səadət əsri”ndən günümüzə kimi hər əsrdə müsəlmanlar beş vaxt namaz qılıb və heç kim bunun əksini iddia etməyib. Buna görə də bəzi “din alimləri”nin “din alimi” kimi məşhurlaşması üçün ortaya atdığı bu iddianın heç bir elmi əsası yoxdur.

Qaynaq