Mən hicablı bir qızam. Bütün hicablı qızlarla birlikdə mənim də qəlbim sıxılır. Eyni duyğunu bölüşürəm onlarla. Bayrağa sarılmış ürəyim vətən sevgisi ilə doludur. Bütün olanlara baxmayaraq, qəlbimdə nifrətə yer yoxdur. Biz eşq fədailəriyik. Biz Zəhranın (s.a) aşiqləriyik.
Məktəbdən çıxarıldım. Doğma məktəbimin qapısında durub saatlarla ağladım. Amma heç bir zaman ondan əl çəkmədim. Çünki bu, mənim həyat seçimimdir. Bu, mənim inancımdır. Niyə bizdən əl çəkmirlər?! Niyə hər zaman bizim heysiyyatımızla oynayırlar?! Bir dəfə məktəbə gedərkən, anam mənə: “Allah zehin açıqlığı versin”, - deyərkən mən ona: “Müəllimlərimizə də dua et, anam”, - dedim. Allahın onlara bəsirət və mərhəmət verməsi üçün dedim.
Mən hicablı bir qızam. Bəlkə həkim olacaqdım. Amma həmişə vətənimdə qalacaqdım. Xarici ölkələrə yaxşı pul verildiyinə görə qaçmayacaqdım. İmkansız insanları müayinə edərkən, heç bir zaman üzümü turşutmayacaqdım. Hamı ilə eyni davranacaqdım. Dərman almağa imkanı olamayan xəstələrə yardım etməyə çalışacaqdım. Əgər gələcəkdə imkanım olacaqdısa, o zaman atamın adına bir xəstəxana tikdirib, orada insanları pulsuz müayinə edəcəkdim.
Mən hicablı bir qızam. Bəlkə də müəllimə olacaqdım. Ucqar kəndlərdə uşaqlara oxumağı-yazmağı öyrədəcəkdim. Hər gün onlara yeni məlumatlar verəcəkdim. Bu günüm dünənimlə eyni olmasın deyə, daim özümü inkişaf etdirəcəkdim. Adam kimi adamlar yetişdirəcəkdim. Namuslu, dürüst, əxlaqlı, bacarıqlı, bilikli uşaqlar yetişdirəcəkdim. Azərbaycanıma daim fayda verə bilən adamlar yetişdirəcəkdim.
Mən hicablı bir qızam. Bəlkə də hakim olacaqdım. Yalnız ədalətin yanında olacaqdım. Heç bir zamanda pulla-parayla insanların haqqına girməyəcəkdim. Varlı, kasıb demədən hər zaman haqqın tərəfində duracaqdım. Mən haqqın tərəfində olacaqdım. Mən ədalətin tərəfində olacaqdım.
Mən hicablı bir qızam. Bəlkə də bir ana olacaqdım mən. Əlbəttə, məktəbə getmədən də ana ola bilərəm. Amma savadsız, məlumatsız, oxumaq, yazmaq bilməyən bir insan necə dövlətə, millətə faydalı insan yetişdirə bilər? Əlbəttə, çox çətindir. Özün bilməyəndən sonra başqasına nəyi öyrədəcəksən ki...
Mənim təhsil almağıma maneələr törədənlər, eyni zamanda Azərbaycanın gələcəyinə maneə törətdiklərini bilmirlərmi? Bir gün əminəm ki, bunun fərqində olacaqlar. Bir gün bütün məktəbin qapıları təhsil almaq istəyən hər kəsin üzünə açılacaq. O günü səbirlə və ümidlə gözləyirəm, yüzlərlə hicablı qızlar kimi. Çünki mən də hicablı bir qızam.
Mən hicablı bir qızam. Bütün hicablı qızlarla birlikdə içim yanır. Eyni duyğunu bölüşürəm onlarla.
Nuray Xəlili,
“Deyerler.org”un oxucusu