ABŞ diplomatlarının teleqramlarında Şərqi Liviya “dünya cihadı üçün tükənməz şəhid mənbəyi” kimi göstərilir.
Beynəlxalq koalisiya Liviya lideri Müəmmar Qəddafinin silahlı qüvvələrinə qarşı hərbi əməliyyatları davam etdirir. Bunun nəticəsində Liviya üsyançılarının öz qüvvələrini yenidən qruplaşdıracağı və əkshücümlar nəticəsində bütün Liviya üzrə nəzarəti tədricən ələ keçirəcəkləri gözlənilir. ANS PRESS-in “Regnum”a istinadən verdiyi xəbərə görə, dünyanın əsas ölkələri və beynəlxalq təşkilatlar üsyançıların keçid hökuməti ilə əlaqələr qururlar.
Məlumata görə, Fransa və Portuqaliya hətta onların hökumətini Liviya xalq hakimiyyətinin yeganə qanuni və legitim orqanı kimi tanıyıb. Bununla belə, üsyan rəhbərlərinin dəyərləri və məqsədləri barədə çox az şey məlumdur. Onlar özləri isə demokratiya uğrunda mübarizə apardıqlarını bəyan edirlər. Eyni zamanda onların rəqibi polkovnik Qəddafi isə üsyançıları “Əl-Qaidə”dən olan quldur və terrorçular adlandırır.
“WikiLeaks” saytının açıqladığı Amerika diplomatlarına məxsus məxfi materiallar arasında ABŞ-ın Liviya paytaxtı Tripolidəki səfirliyinin 2008-ci il fevral və iyun tarixli iki teleqramı da var. Onlar sözügedən sənədlərdə Şərqi Liviyanın “dünya cihadı üçün tükənməz şəhid mənbəyi”nə çevrildiyi barədə məlumat verirlər. Teleqramlara əsasən, Əfqanıstan və Pakistandan olan ideoloji və döyüş hazırlığı keçmiş döyüşçülər məhz ora – Benqazi və Dernaya qayıdıblar. Və məhz Benqazi və Dernada “Qəddafi rejimi və Amerikanın İraq işğalına qarşı sonacan müqavimət göstərməy”in zəruri olması barədə tez-tez eşitmək olar.
2007-ci ilin dekabrında açıqlanan digər sənəd - Amerikanın “West Point” Hərbi Akademiyasının məruzəsi də diqqət çəkir.
“MIGnews” informasiya saytının verdiyi məlumata görə, məruzə İraqda “xarici cihad” strukturunu təhlil edir. Belə ki, haqqında məlumat toplanılan 600 nəfərin 41 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olub. İkinci yerdə Liviyadan, xüsusilə də, ölkənin şərq hissəsində yerləşən Benqazi-Derna-Tobuk şəhərləri üçbucağından olan “cihadçılar”dır. Daha sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad qərarlaşıb. Həmçinin, qeyd etmək lazımdır ki, Liviya əhalisinin sayı Səudiyyədən 4 dəfə azdır, Dernanın əhalisi isə 80 min nəfərdir ki, bu göstəricidə də Ər-Riyad Liviya şəhərini 4 milyon nəfər üstələyir.
Məruzəyə əsasən, Liviya döyüşçülərinin böyük əksəriyyətinin ölkənin şimal-şərqində yerləşən Benqazi və Derna şəhərləri sahillərindən gəlmələridir. Hər iki şəhər uzun müddət döyüşkən ideologiyanın üstünlük təşkil etməsi ilə xarakterizə olunur. Onların hər ikisi 90-cı illərin ortalarında Qəddafiyə qarşı qalxan radikalların üsyan mərkəzi idi. Benqazi və Derna 2007-ci ildə rəsmi olaraq “Əl-Qaidə” təşkilatı ilə birləşən və hazırda bu təşkilatın rəhbərliyində böyük rol oynayan Liviya İslami Döyüş Qrupunun (LIFG) əsas bazasıdır.
Amerikanın məşhur STRATFOR Analitik İnstitutunun “Liviyanın tayfa dinamikası” adlı məruzəsi də maraqlıdır. On illər ərzində şərq regionu Serenaika və onun mərkəzi Benqazi Tripolidəki mərkəzi hakimiyyət ilə nüfuz uğrunda mübarizə aparıblar.
Şərqi Liviyada ənənəvi olaraq Xarabi tayfası diqtə edib. Məhz Xarabi tayfası LIFG və 1842-ci ildə Əl-Beydədə təsis olunan, həmçinin tamamilə sərt, mühafizəkar və qərbyönümlü İslam yozumu ilə fərqlənən Sanussi sufi təriqətinin dayağı olub.
1969-cu ildə Qəddafi tərəfindən devrilən müstəqil Liviyanın kralı İdris bu tayfanın nümayəndəsi və bu təriqətin rəhbəri idi. Maraqlıdır ki, hazırki üsyanın bayrağı da kral bayrağıdır. Hazırki üsyanın əksər liderləri, o cümlədən Benqazidəki keçid hökumətinin rəhbəri Mustafa Abdul Cəlil də bu tayfanın üzvüdür.